Mayın 6-da KİV nümayəndələri “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov media nümayəndələrinə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti, görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının prioritet istiqamətləri kimi isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və. s. təşkili müəyyənləşdirilib.
Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq burada mobil tipli şəhərcik salınıb. Mobil şəhərcikdə 60 nəfərlik yataqxana, 36 nəfərlik (1 oturum) yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, çamaşırxana, bərbərxana, sanitar qovşağı və nəzarət buraxılış məntəqəsi tam quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkının ərazisində topoqrafik və mühəndis-geoloji tədqiqat işləri tam olaraq yekunlaşdırılıb.
Hazırda Parkda inzibati binanın tikintisi işləri, rezidentlər üçün infrastruktur sisteminin qurulması, əraziyə dəmiryolu xəttinin çəkilməsi üçün layihələndirmə istiqamətində işlər davam etdirilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən artıq daimi iş yeri yaradılacaq.
Mayın 4-də Dövlət başçısının iştirakı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisəyə baxış keçirilib, üç müəssisənin təməli qoyulub.
Təməli qoyulan “Holcim Azərbaycan” ASC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, eləcə də sement satışı üzrə terminal təşkil ediləcək. İnvestisiya dəyəri 3,74 milyon manat olan müəssisədə 25 nəfər insanın daimi işlə təmin olunması planlaşdırılır. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.
Digər rezident - “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən Sənaye Parkının 5 hektar ərazisində investisiya həcmi 7,31 milyon manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnikaların və metal məmulatların istehsalı müəssisəsi yaradılacaq və 124 nəfər işlə təmin ediləcək. İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
“Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 3,8 milyon manatdan çox olan “Yük avtomobilləri texniki servis xidmətlərinin göstərilməsi layihəsi” həyata keçiriləcək. Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avtomobillərinin istehsal yığımı nəzərdə tutulur. İtaliya Texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Müəssisədə 20 nəfər işlə təmin ediləcək.
Bundan başqa KİV nümayəndələri Sənaye Parkının ilk rezidenti kimi qeydiyyatdan keçən və 2021-ci ilin 5 oktyabr tarixində təməli qoyulan “Avto Lizinq Azərbaycan” MMC-nin texniki servis mərkəzinin tikintisi işləri prosesi ilə də tanış olublar. Diqqətə çatdırılıb ki, ümumi investisiya həcmi 10,2 milyon olan müəssisənin inşaasına artıq 5,6 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin fəaliyyətə başlaması ilə 65 nəfər daimi işlə təmin ediləcək. Texniki servis mərkəzinin 2023-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulur.