“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında işlər davam etdirilir
4 oktyabr,2022 12:19

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında işlər mərhələli şəkildə davam etdirilir.

 

Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Burada çalışacaq işçilərin rahatlığının təmin edilməsi üçün Parkın ərazisində mobilizasiya şəhərciyi salınıb. Mobil şəhərcikdə hazırda konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb. Şəhərciyin perimetri boyunca hasarlanma işləri başa çatdırılıb. Sənaye Parkında 40 MVA elektrik yarımstansiyasının qurulmasına, inzibati binanın tikintisinə başlanılıb.

 

Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Belə ki, indiyədək “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir sahibkarlıq subyektinə - “KAMAZ Lizinq Azərbaycan” MMC-yə rezidentlik statusu verilib və şirkət tərəfindən tikinti işlərinə başlanılıb. Bununla yanaşı, Sənaye Parkının ərazisində yanacaqdoldurma məntəqəsi tikiləcək.

 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən maraq böyükdür. Sənaye Parkının rezidenti olmaq istəyən sahibkarların investisiya dəyəri 30 milyon manatdan çox olan 6 layihəsinə baxılır. Bu layihələrin reallaşdırılması ilə Sənaye Parkında 400 nəfərdən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.