- Ana Səhifə
- Media
- Xəbərlər
- ASCO ilə BGZ arasında Ro-Pax tipli yeni gəminin inşasına dair müqavilə imzalanıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC arasında sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan Ro-Pax tipli yeni gəminin inşasına dair müqavilə imzalanıb. Sənədi ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev imzalayıb.
Yeni gəmi-bərə ASCO-nun balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eyni tiplidir. Tikiləcək bu gəmi-bərə ilə 100 sərnişin, 56 vaqon-çən və ya 46 yarımvaqon və ya 50 yarımqoşqulu yük maşını daşımaq mümkün olacaq.
Gəmi-bərənin ümumi uzunluğu 154.5 metr, eni 17.7 metr, bortunun hündürlüyü isə 7.5 metr təşkil edəcək. Dedveyti (dənizdə) 5740 ton olacaq unikal-gəmi bərə 14 uzellə hərəkət edə biləcək. Gəminin daimi heyəti isə 30 nəfərdən ibarət olacaq.
Qeyd edək ki, 2014-cü ildən bugünə kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən “Bakı Gəmiqayırma Zavodu” MMC-də 10 gəminin tikintisi ilə bağlı sifariş yerləşdirilib. Onlardan 9-nun, o cümlədən bir yedək, 3 sərnişin, 2 Ro-Pax tipli gəmi-bərənin və 3 tankerin tikintisi başa çatdırılaraq istismara verilib.