Bakı Gəmiqayırma Zavodu Ağdam Sənaye Parkında istehsal olunan 1360 ədəd təhlükəsizlik ayaqqabısı sifariş edib
11 oktyabr,2024 16:54

Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC işğaldan azad edilmiş ərazilərdə yerləşən “BAFCO İnvest” MMC istehsalı olan 1360 ədəd xüsusi təhlükəsizlik ayaqqabısı sifariş edib. Möhkəm, aşınmaya və aqressiv mühitlərə davamlı olan bu ayaqqabılar zavodun işçi qüvvəsini istehsal prosesi zamanı potensial təhlükələrdən qoruyacaq, əməyin təhlükəsizliyinə və yerli istehsala öz töhfəsini verəcək. Zavod ayaqqabı sifarişi üçün seçim edərkən işçilərin maksimum təhlükəsizliyini və komfortunu, həmçinin yerli istehsalın təşviqini əsas götürüb. 

 

Yüksək keyfiyyətli materiallardan hazırlanan və standartlara cavab verən təhlükəsizlik ayaqqabıları Ağdam Sənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin fabrikində istehsal olunur. 2024-cü ilin sentyabr ayında dövlət başçısının iştirakı ilə açılışı olan müəssisədə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir.