Belarus səfiri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub
17 yanvar,2024 10:57

Yanvarın 16-da Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

 

Qonaqlara İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.

 

Görüş çərçivəsində hər iki ölkənin sənaye zonaları və aqroparkları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub, Belarus iş adamları sənaye zonalarındakı əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət edilib.

 

Səfir Andrey Ravkov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

 

Sonda nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.