Belarusun Baş naziri Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olub
6 may,2025 17:12

Ağdam rayonuna səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.

 

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb.

 

Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

 

Ağdam Sənaye Parkında 27 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Bu 32 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına 250 milyon manatdan çox investisiyanın yatırılması və 2100-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 110 milyon manatdan çox investisiya yatırılıb, 649 daimi iş yeri yaradılıb. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir. 

 

Bundan başqa hazırda Sənaye Parkında 10-dan çox müəssisənin tikintisi işləri aparılır, bu il Parkda tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır.