BMT Baş Assambleyasının nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
26 oktyabr,2019 16:54

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Tijjani Muhammad-Bandenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da Sumqayıt Kimya Sənaye Parkında olub.

 

Qonaqları salamlayan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və innovasiyalar əsasında inkişafı ilə bağlı ardıcıl və sistemli islahatların həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təşviq mexanizmləri tətbiq edilib. Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycan 190 ölkə arasında 34-cü yerdə qərarlaşıb, dünyanın islahatçı 20 ölkəsi siyahısına daxil edilib. Nazir müavini ölkəmizdə reallaşdırılan sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılan sənaye parkları və sənaye məhəllələri barədə məlumat verib. Bildirilib ki, hazırda ölkədə 5 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir.  Mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye məhəllələrində isə 38 rezident qeydiyyatdan keçib və bunlardan da 22-si artıq istehsal fəaliyyətinə başlayıb.

 

Bundan başqa Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNİDO) ilə əməkdaşlıq məsələlərindən danışan Niyazi Səfərov bildirib ki, təşkilat tərəfindən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən enerji səmərəliliyinin artırılması, milli sənaye statistik proqramların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin yaxşılaşdırılması və s. sahələrdə müxtəlif layihələr qəbul edilib və bu sahədə bir çox işlər görülüb. 

 

Baş Assambleyanın 74-cü sessiyasının prezidenti Tijjani Muhammad-BandeAzərbaycanda iqtisadi, sənaye, sosial və s. sahələrdə görülmüş işləri yüksək qiymətləndirib. Cənab Tijjani Muhammad-BandeAzərbaycanda sənaye zonalarının regionlarda yaradılmasının ölkədə qeyri-neft sənayesinin inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin təmin edilməsi üçün olduqca əhəmiyyətli olduğunu bildirib.

 

Görüş çərçivəsində qonaqlara sənaye parklarının video-təqdimatı göstərilib.

 

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-də görülmüş işlərlə tanış olublar və qonaqlara “SOCAR Polymer” MMC-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.