Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu keçirilir
15 noyabr,2023 16:13

Dayanıqlı İnkişafa dair II Bakı Forumunda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi, bu prosesə özəl sektorun və xarici investisiyaların cəlb edilməsi ilə bağlı müzakirələr aparılır.

 

Noyabrın 15-də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu işə başlayıb.

 

Tədbirin moderatoru, “TRT World”un xəbər müxbiri xanım Maria Ramos Forumun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. O, tədbirdə dünyanın müxtəlif regionlarını təmsil edən ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırıb.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair II Bakı Forumunun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Baş nazirin müavini vurğulayıb ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası Azərbaycan hökumətinin gündəliyində yer alan prioritetlərdəndir.

 

Ölkəmiz BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna könüllü milli hesabatı indiyədək 3 dəfə təqdim edən azsaylı ölkələr sırasındadır. 2024-cü ildə 4-cü hesabatın təqdim olunması ilə bağlı işlər görülür. Diqqətə çatdırılıb ki, Azərbaycanın inkişaf proqramları DİM ilə uzlaşdırılır. Bu isə qlobal məqsədlərin icrasının maliyyələşdirilməsini asanlaşdırır.

 

Forumda ölkəmiz tərəfindən inklüziv təhsilin inkişafı, iqlim dəyişiklikləri ilə mübarizə, dayanıqlı və sosial inkişafın təmin edilməsi istiqamətində atılan addımlara nəzər salınıb. Əli Əhmədov DİM-in uğurla həyata keçirilməsi üçün qarşıdakı 7 ildə həyata keçiriləcək tədbirlərin icrasının sürətləndirilməsinin vacibliyini və bu sahədə regional əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

İqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası sədrinin müavini Mikayıl Cabbarov bildirib ki, DİM-ə nail olunması istiqamətində səylərin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi, ömür boyu təhsilə əsaslanan cəmiyyətin qurulması, insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə də “yaşıl” və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması və iqlim dəyişikliyi ilə mübarizə qlobal hədəflər üzrə əsas tövsiyələr sırasındadır.

 

Diqqətə çatdırılıb ki, azad edilmiş torpaqlarımızın minalanması həmin ərazilərin reabilitasiyasına mane olur, iqtisadi dirçəlişin əsasını təşkil edən çoxistiqamətli layihələrin həyata keçirilməsi prosesini ləngidir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb.

 

İqtisadiyyat naziri Forum çərçivəsində aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların ölkəmizdə BMT-nin 2030 Gündəliyinin icrasına müsbət töhfə verəcəyini bildirib.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhammad Nasar Hayat forumun təşkilinə görə təşkilatçılara təşəkkür edib. Qeyd edilib ki, DİM-lərin maliyyələşməsi üçün dövlət investisiyaları yetərli deyil və bu məsələdə özəl sektor önə çıxmalıdır. Bu məqsədlə DİM investisiya xəritəsi hazırlanacaqdır. DİM sahəsində vətəndaş cəmiyyəti və özəl sektorun birgə çalışması önəm kəsb edir.

 

BMT nümayəndəsi DİM-ə nail olunması istiqamətində “yaşıl” transformasiya, sosial iqtisadi inklüzivliyin təmin olunması və digər məsələlər baxımından bu ilin oktyabr ayında Bakıda keçirilmiş yüksək səviyyəli dialoqun rolunu vurğulayıb. Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayan BMT nümayəndəsi  Dayanıqlı İnkişafa dair II Bakı Forumunun 2030-cu ilədək DİM-ə nail olunmasına və regionun inkişafına mühüm töhfə verəcək müzakirələrin aparılması baxımından əhəmiyyətini qeyd edib.

 

Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə müşaviri Ruslan Edelgeriyev ölkəsinin BMT metodologiyası əsasında DİM-ə nail olunması, o cümlədən insan sağlamlığı, yoxsulluğun azaldılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Əsas diqqətin, həmçinin su problemləri və iqlim dəyişikliklərinə, ekosistem layihələrinin icrasına yönəldilməsinin vacibliyi bildirilib.

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Katibinin birinci müavini Merve Kavakcı bildirib ki, dayanıqlı inkişaf, ilk növbədə, bütün dövlətlərin siyasətində əsas istiqamətlərdən birini təşkil etməlidir. M.Kavakcı DİM-in hər kəs üçün rifahı və planetimizin təhlükəsizliyini təmin etməyə xidmət edən əsas  hədəfləri özündə ehtiva etdiyini bildirib. Bu hədəflərə nail olunmasında cəmiyyətin bütün təbəqələri mühüm rol oynamalıdır. Bu baxımdan, dövlət və özəl sektorla yanaşı, maraqlı tərəflərin də işə geniş cəlb edilməsi önəmlidir. Xanım Kavakcı sülh və sabitliyə xidmət edən mehriban qonşuluq münasibətlərinin iqtisadi və sosial mühitə təsirini vurğulayıb, regional təşkilatların fəaliyyətinin bölgədəki çağırışlarla uzlaşmasının vacibliyini qeyd edib.

 

Belarus Respublikasının Milli Asambleyası Şurası sədrinin müavini Valeri Belski qeyd edib ki, hazırda cəmiyyətlərin qarşısında duran bütün problemlərin həllində DİM mühüm rol oynayır. Bu məqsədlərə necə nail olunması ilə bağlı müzakirələr daha geniş aparılmalı, bu yollar aydınlaşdırılmalıdır. Valeri Belski ölkəsində DİM-lə bağlı milli assosiasiyaların formalaşması, təhsil sektorunda DİM-ə marağın artırılması və vahid monitorinq sisteminin qurulması istiqamətində aparılan işlərdən bəhs edib.

 

Forumda Azərbaycanda DİM-ə nail olunması istiqamətində görülən işlərə və qazanılan nailiyyətlərə dair videoçarx nümayiş olunub.

 

Tədbir işini sessiyalarla davam etdirir.