Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
2 mart,2022 13:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları martın 1-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində olublar.

 

Qonaqlara Peşə Təhsil Mərkəzinin fəaliyyət istiqaməti, tədris prosesi barədə məlumat verilib, sənaye parklarının fəaliyyətini əks etdirən videoçarx və Peşə Təhsil Mərkəzinin təqdimatı nümayiş etdirilib.

 

Görüşdə peşə təhsilini bitirən şəxslərin məşğulluq məsələləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, iki qurum arasında peşəyönümü, özünüməşğulluq proqramı istiqamətində əməkdaşlıq məsələlərindən danışılıb.

 

Eyni zamanda gələcəkdə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarının və sənaye məhəllələrinin inzibati binalarında rezidentlərin əməkdaşları üçün 3 aylıq təlimlərin və yerli sakinlər üçün peşə hazırlığının təşkili istiqamətində müzakirələr aparılıb.

 

Sözügedən məsələlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda Dövlət Məşğulluq Agentliyi ilə Peşə Təhsil Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulur.

 

Sonda qonaqlar Peşə Təhsil Mərkəzində yaradılan şərait, dərs prosesləri, laboratoriya otaqları və s. ilə tanış olublar.