Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark – Ağsu Aqroparkı
9 aprel,2025 10:11

“Ağsu Aqropark” QSC 2018-ci ildən fəaliyyətə başlayıb və 2022-ci ildə dövlət başçısı Aqroparkın fəaliyyəti ilə tanış olub.

 

Heyvandarlıq, əkinçilik Aqroparkın əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. İnvestisiya dəyəri 18 milyon manat təşkil edən Aqroparkın ərazisi 1843 hektar ərazini əhatə edir.

 

Сari ildə Aqroparkın 600 hektarında buğda, 600 hektarında arpa, 400 hektarında qarğıdalı, 200 hektarında isə yonca əkilib.

 

Ağsu Aqropakda Niderland, ABŞ, İsrail kimi qabaqcıl ölkələrin kənd təsərrüfatı sahəsində olan təcrübəsindən geniş istifadə edilir, bu da öz növbəsində yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir.

 

Aqroparkın təsərrüfat sahələrinin suvarılmasında müasir suvarma sistemləri tətbiq edilir. Belə ki, 1843 hektar sahənin 1500 hektarından çox hissəsində pivotaltı suvarma sistemi quraşdırılıb.

 

Heyvandarlıq təsərrüfatının inkişafına böyük önəm verən Ağsu Aqroparkda hazırda 2200-dən çox iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. İndiyədək təqribən 15 milyon litrdən çox süd istehsal edilib.

 

Ötən il Ağsu Aqroparkda 4 milyon ton litr süd, 360 ton ət istehsalı həyata keçirilib.

 

Aqroparkın heyvandarlıq təsərrüfatında əsasən Avstriya və Almaniyadan olan Simmental cinsli heyvanlar bəslənilir. Bu heyvanlar da öz süd vermə qabiliyyətinə görə digər heyvanlardan fərqlənir. Bir inək orta hesabla 26 litr süd vermək gücündədir.

 

Ağsu Aqropark həmçinin əhalinin məşğulluq səviyyəsinin də yüksəldilməsinə mühüm töhfə verən təsərrüfat sahələrindədir. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.