“Gəncə iş adamları” İctimai Birliyinin nümayəndələri Ağdam Sənaye Parkında
21 aprel,2022 12:22

“Gəncə iş admaları” İctimai Birliyinin nümayəndələri Ağdam Sənaye Parkında olublar.

 

Əvvəlcə sahibkarlar Ağdam Sənaye Parkının 1,3 hektar ərazisində salınmış mobil tipli şəhərciklə və burada işçilər üçün yaradılan şəraitlə tanış olublar. İş adamlarına İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı haqqında, burada görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağın dirçəldilməsi və bölgənin sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 may 2020-ci il tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Hazırda Ağdam Sənaye Parkında 6 rezident qeydiyyata alınıb. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq.

 

Sonra əməkdaşlıq imkanları müzakirə olunub və sahibkarlar Ağdam Sənaye Parkında yaradılan əlverişli investisiya mühitindən yararlanmağa dəvət edilib.