İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan məhsulun ilk dəfə olaraq ixracına başlanılıb.
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "Elberg" MMC tərəfindən ilk dəfə olaraq Özbəkistana metal konstruksiya və tikinti materialları avadanlıqları ixrac ediləcək. İxraca dair imzalanmış müqaviləyə əsasən şirkət Özbəkistana 1,5 milyon ABŞ dolları dəyərində məhsul göndərəcək. Bu Hacıqabul Sənaye Məhəlləsində həyata keçiriləcək ilk ixracdır.
Bundan başqa "Elberg" MMC tərəfindən Gürcüstan və Mərkəzi Asiya ölkələrinə də ixracla bağlı danışıqlar aparılır.
Qeyd edək ki, "Elberg" MMC Hacıqabul Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və Sənaye Məhəlləsinin ərazisində Türkiyə, Yaponiya və Finlandiya texnologiyalarından istifadə edilməklə metal konstruksiya və tikinti materialları avadanlıqlarının istehsalı həyata keçirilir. Müəssisəyə indiyədək 3,5 milyon manat investisiya yatırılıb və 40 nəfərdən çox iş yeri yaradılıb.