2021-2023-cü illər ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb.
Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından 3 il ötür. Belə ki, Agentlik Dövlət başçısının 2021-ci il 22 yanvar tarixli “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında yaradılıb. Hazırda Agentliyin idarəçiliyində 6 sənaye parkı, 4 sənaye məhəlləsi və aqroparklar, Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.
3 il ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Sözügedən dövr ərzində 17 müəssisə fəaliyyətə başlayıb, 1336 daimi iş yeri yaradılıb.
Agentliyin idarəçiliyində olan sənaye zonalarında 3 il ərzində 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manat) ixracın payına düşür.