İqtisadi Zonaların İnkişafı Agentliyi “Rebuild Karabakh 2025” sərgisində təmsil olunur
15 oktyabr,2025 17:18

İqtisadi Zonaların İnkişafı Agentliyi 5-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” sərgisində öz stendi ilə iştirak edir.

 

Maraqla qarşılanan stenddə sərgi iştirakçılarına İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında yaradılmış investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri, görülən işlər, qarşıda duran hədəflər, sahibkarlar tərəfindən həyata keçirilən layihələr barədə məlumatlar verilir. 

 

Bildirilib ki, hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb, 14 müəssisə fəaliyyət göstərir. Sahibkarlar tərəfindən görülmüş işlərə 200 milyon manata yaxın investisiya yatırılıb, 1000-dən artıq daimi iş yeri yaradılıb.

 

Bundan başqa Agentliyin stendində İZİA-nın ümumi fəaliyyətini, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında görülmüş işləri əks etdirən videoçarxlar nümayiş etdirilir.

 

Sərgidə həmçinin, Sumqayıt, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının bir çox rezidentləri öz stendləri ilə təmsil olunurlar.

 

Qeyd edək ki, Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı sərgisi 16 oktyabradək öz işini davam etdirəcək.