İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda görüşlər keçirib
2 iyun,2023 21:42

Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər keçirilir. Bu çərçivədə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığı, enerji, nəqliyyat-tranzit, turizm, regional əməkdaşlıq və s. məsələlər barədə müzakirələr aparılıb, sənədlər imzalanıb.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Nümayəndə heyəti həmçinin, Gürcüstanın Qəhrəmanlar Meydanını ziyarət edib, bu ölkənin azadlığı və suverenliyi uğrunda canlarından keçən insanların xatirəsini ehtiramla anıb.

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Baş nazir iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini, tərəfdaşlığın inkişafı istiqamətlərini qeyd edib. Dövlət başçılarının qarşılqlı səfərləri zamanı müzakirə edilmiş məsələlər və potensial layihələrin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, Azərbaycanın etibarlı tərəfdaş kimi regional layihərin həyata keçirilməsində oynadığı rol vurğulanıb.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın hazırki səviyyəyə yüksəlməsində Heydər Əliyevin uzaqgörən siyasətinin önəmini vurğulayıb, Gürcüstanda Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilən tədbirlərə görə təşəkkürünü ifadə edib. Nazir Mikayıl Cabbarov Azərbaycanın Gürcüstanla əlaqələrə önəm verdiyini, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün geniş imkanların, habelə investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, xarici sərmayədarlar üçün yaradılan imkanları diqqətə çatdırıb, gürcü iş adamlarını bu işgüzar mühitdən yararlanmağa dəvət edib.

 

Görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri, SOCAR-ın Gürcüstandakı fəaliyyəti, həyata keçirilmiş layihələr, habelə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanla əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq məsələlərinə dair fikirlərini bildirib, nəqliyyat-tranzit, enerji, turizm və digər sahələrdə  əlaqələrin gücləndirilməsi üçün potensialı diqqətə çatdırıb.  Qeyd olunub ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir, ticarət əlaqələrimizdə müsbət dinamika müşahidə edilir.

 

Levan Davitaşvili tərəfdaşlığın şaxələndirilməsi barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini, Gürcüstan şirkətlərinin ölkəmizdə həyata keçirilən potensial investisiya layihələrində iştirakda marağını qeyd edib.

 

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

 

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb. Biznes forumun əhəmiyyətindən danışan nazir Levan Davitaşvili tədbirin yeni təşəbbüs və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Gürcüstan arasında siyasi-iqtisadi əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri və mühüm rolunu vurğulayıb, Ulu Öndərin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu gün də inkişaf etdiyini diqqətə çatdırıb. Tədbirdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti qeyd olunub. İqtisadiyyat naziri sənaye, ticarət, investisiya, alternativ və bərpa olunan enerji, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını, hər iki tərəfin müvafiq qurumlarının bu yöndə fəaliyyətinin önəmini diqqətə çatdırıb.

 

Biznes forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Gürcüstandan olan iş adamları fəal əməkdaşlığa dəvət edilib.

 

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında, Gürcüstan Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaya iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.

 

Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair, eləcə də KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir çərçivəsində hər iki ölkənin investisiya potensialına dair təqdimatlar, sahibkarlar arasında B2B görüşlər keçirilib.