İyunun 28-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir keçirilib. 100-dən çox sahibkarın, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.
Tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi “İşğaldan azad edilmiş ərazilərdə güzəşt və azadolmalar, dəstək tədbirləri” mövzusunda keçirilən panel iclasda təmsil olunub.
İclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Qarabağın sənaye potensialının bərpası məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında görülmüş işlər, burada sahibkarlar üçün mövcud əlverişli investisiya imkanları, tətbiq edilən güzəştlər barədə məlumat verib.