İqtisadi Zonaların İnkişafı Agentliyinin ötən il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib
16 fevral,2024 16:47

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

 

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov KİV nümayəndələrinə Agentliyin idarəçiliyində olan sənaye zonalarında ötən il ərzində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

 

Bildirilib ki, 2023-cü ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına 471 milyon manat dəyərində investisiya yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər sənaye zonalarında baza yağların, kompozit armaturların, güzgülərin, birdəfəlik üçkomponentli şprislərin, müxtəlif təyinatlı dərmanların, süd məhsullarının, qazobeton blokların, əmtəə beton və quru yapışdırıcıların və s. məhsulların istehsalını həyata keçirəcəklər.

 

2023-cü ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb. Həmin müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 135 milyon manatdan artıq investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Bu müəssisələr polimer qatqıların, keramik plitələrin, qablaşdırma məhsullarının, istilik izolyasiya lövhələrinin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsulların istehsalı üzrə fəaliyyət göstərirlər.

 

İndiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 12,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,9 milyard manatlıq və ya 32,2%-ə yaxın hissəsi ixrac olunub.

 

2023-cü ildə sənaye zonalarının rezidentləri tərəfindən 3,3 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 989 milyon manatı ixracın payına düşür. 2022-ci illə müqayisədə satış 12,5% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6%, ixracında isə 23,6% təşkil edib.

 

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.

 

Bu il ərzində İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələrdə ümumilikdə, təqribən 1000 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.

 

Media nümayəndələrinə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə də məlumat verilib. Bildirilib ki, indiyədək Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu il Sənaye Parkında 5-dən çox müəssisənin (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların və s istehsal müəssisələrinin) fəaliyyətə başlaması planlaşdırılır.

 

Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.

 

Bugünədək rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb.

 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 67 milyon manatdan çox investisiyanın yatırılması, 700-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

Bu il Sənaye Parkında bir neçə müəssisənin (2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisələri) fəaliyyətə başlaması planlaşdırılır.

 

Bu günədək rezidentlər tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 10 milyon manata yaxın investisiya yatırılıb.

 

Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır.  

 

İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 460 milyon manatdan çox vəsaitə qənaət ediblər.

 

Bu il həmçinin, ölkədə daha bir sənaye parkının Gəncə şəhərində yaradılması nəzərdə tutulur. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parkının yerləşəcəyi ərazinin, prioritet istiqamətlərinin və s. məsələlərin dəqiqləşdirilməsi istiqamətində işlər görülür. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi metallurgiya klasterinin yaradılması, avtomobil sənayesinin daha da inkişafı ilə lokalizasiyanın artırılması, tikinti materialları sənayesinin (kərpic, keramika, çınqıl və qum, üzlük daşı və s.), yüngül sənayenin (o cümlədən, xalça, gön-dəri, toxuculuq və s.), qida sənayesinin (meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, quşçuluq, süd və ət məhsulları, qurudulmuş və dondurulmuş meyvə, günəbaxan yağı istehsalı və s.), yeni logistika və ticarət mərkəzlərinin yaradılması və s. sahələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.

 

Sonra KİV nümayəndələrinə Agentliyin idarəçiliyində olan aqroparklar, burada görülmüş işlər və qarşıda duran hədəflər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq İZİA tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb. Bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.

 

Hazırda 22 rayon üzrə 66 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. Bugünədək 58.6 min ha ərazidə 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib. Belə ki, indiyədək 14 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16.1 milyon manat dəyərində güzəşt əldə edilib.

 

Qeydiyyata alınan aqroparklarda ümumilikdə 5000 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Hazırda aqroparklarda 2660-dan çox daimi, 4300 nəfər isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 2300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

2023-cü ildə aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı həyata keçirilib.

 

“Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" pilot layihəsi çərçivəsində Yevlax rayonunda 2807 hektar ərazidə Yevlax Pilot Aqroparkı və Sabirabad rayonunda 7544 hektar ərazidə Sabirabad Pilot Aqroparkı yaradılır.

 

Yevlax Pilot Aqroparka ümumilikdə 100 milyon manatdan çox özəl sərmayə qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda indiyədək ümumi ərazisi 1882 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən aqroparka ümumilikdə 51 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur.

 

Sabirabad Pilot Aqroparkda indiyədək 8 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən aqroparka 60 milyon manatdan çox özəl sərmayə qoyulması, 260 daimi, 1000-dən artıq mövsümi iş yerinin yaradılması planlaşdırılır.

 

Media mənsubları İZİA-nın idarəçiliyində olan Peşə Təhsil Mərkəzinin fəaliyyəti barədə də məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, hazırda Mərkəzdə 16 ixtisas üzrə 250-dən çox tələbə təhsil alır. Tədris həm ödənişli, həm də dövlət sifarişi əsasında aparılır. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər. Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Mərkəzin təhsil prosesində seçilən tələbələrinin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür. İndiyədək Peşə Təhsil Mərkəzi tərəfindən 50 nəfərə yaxın tələbənin müxtəlif müəssisələrdə işlə təmin olunmasına köməklik göstərilib. Cari tədris ilində isə 143 tələbə müxtəlif müəssisələrdə işlə təmin olunmaq üçün yönləndirilib. Bu il ərzində Peşə Təhsil Mərkəzində tədrisin praktik təşkili üçün yeni emalatxanaların istifadəyə verilməsi planlaşdırılır.