Sentyabrın 27-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində Anım Günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov çıxışında bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü Prezident İlham Əliyevin siyasəti, Vətən uğrunda canından keçən şəhidlərimizin qanı-canı hesabına bərpa olunub. O, Azərbaycan Ordusunun şücaətindən danışaraq diqqətə çatdırıb ki, bizə Zəfər sevincini bəxş edən xalqımızın qəhrəman övladları heç vaxt unudulmayacaq.
Tədbir çərçivəsində Peşə Təhsil Mərkəzinin əməkdaşları və tələbələri Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər. Vətən Müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib və məzarları üzərinə gül dəstələri düzülüb.