İZİA-nın Peşə Təhsil Mərkəzinin əməkdaşlarına ISO 9001:2015 sertifikatı təqdim edilib
10 oktyabr,2022 16:01

Bu ilin 22-24 iyun tarixlərində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinin əməkdaşları üçün Türkiyə Standartları İnstitutu (TSİ) tərəfindən ISO 9001:2015 “Keyfiyyət idarəetmə Sistemi” təlimi keçirilib. 3 gün davam edən təlimdə Mərkəzin 20-dən çox əməkdaşı iştirak edib.

 

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək və s. məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib.

 

Oktyabrın 7-də təlimi uğurla başa vuran iştirakçılara sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov və Türkiyə Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin təmsilçisi Arzu Gülhan Yüzereroğlu iştirakçılara sertifikatları təqdim ediblər.