“Qazax Aqropark”ın kartof sahəsində məhsul yığımına başlanılıb
4 iyul,2024 13:41

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “İnvestel Group” MMC-nin Qazax rayonunun II Şıxlı kəndində yerləşən aqroparkına media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.


KİV nümayəndələrinə məlumat verilib ki, “İnvestel Group” MMC Qazax və Abşeron rayonlarında ümumilikdə 808,21 hektar təsərrüfat sahəsinə malikdir və əkinçilik, bağçılıq, çeşidləmə, qablaşdırma, logistika sahələri üzrə ixtisaslaşıb.


Qazax rayonunda yerləşən aqroparkın ümumi əkinə yararlı 800 hektar sahəsində kartof, buğda və arpa əkilib. Aqroparkın Abşeron rayonunda yerləşən təsərrüfatında isə 7,5 hektar intensiv badam bağı salınıb.


2023-cü ildə aqroparkda 12000 ton kartof, 250 ton arpa və 750 ton buğda, cari ilin 6 ayında isə 645 ton buğda istehsal edilib. Bu il aqroparkın 340 hektarında əmtəəlik kartof əkilib və hazırda kartof yığımı davam edir. Əkin sahələsində orta məhsuldarlıq 40-41 ton kartof təşkil edir. “Qazax Aqropark”da gündəlik 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti, tutumu 7800 kub m., Abşeronda isə tutumu 14 889 kub m. olan 2 soyuducu anbar kompleksi fəaliyyət göstərir.


İndiyədək 24 milyon manat investisiya yatırılmış “İnvestel Group” MMC-də 200 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib.