Keniyalı nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
23 aprel,2024 14:10

Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maquanın rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 22-də Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.


İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada iş adamları üçün yaradılan əlverişli biznes imkanları barədə məlumat verib.


Səfər çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması, ölkəmizdə mövcud sənaye zonası modelinin öyrənilməsi, birgə təcrübə mübadiləsinin aparılması imkanlarına dair məsələlər müzakirə edilib.


Nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Assan-STP Panel” MMC-nin sendviç panellərin, “AzerFloat” QSC-nin şüşə lövhələrin istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.