Kolumbiyanın Azərbaycandakı Səfiri və Çili Səfirliyinin Müvəqqəti İşlər Vəkili Sumqayıt Kimya Sənaye Parkında olublar
24 sentyabr,2019 18:13

Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Cardenas və Çilinin Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Gabriel Jara Maldonado Sumqayıt Kimya Sənaye Parkında olublar.

 

Qonaqları salamlayan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılan sənaye parkları barədə məlumat verib. Bildirilib ki, hazırda ölkədə 5 sənaye parkı fəaliyyət göstərir ki, bu parkların sayının artırılması istiqamətində də işlər uğurla davam etdirilir. Sənaye parklarında dövlət tərəfindən sahibkarlar üçün münbit və əlverişli iqtisadi mühit yaradılıb ki, bu da yerli və xarici investorların parka marağının artmasına səbəb olur. Parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən, habelə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üzrə ƏDV-dən və gömrük rüsumundan azad edilirlər. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında hazırda 20 rezident qeydiyyata alınıb və bunlardan da 13-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu müəssisələrin də istehsal etdikləri məhsullar daxili təlabatı ödəməklə yanaşı "Made in Azerbaijan" brendi ilə dünya bazarlarına ixrac olunur. İxrac istiqamətləri MDB ölkələri, Türkiyə, İran, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, BƏƏ və Avropa ölkələridir.

 

Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və ünvanlanan suallar cavablandırılıb.

 

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər və sənaye parkının rezidenti olan "Tabaterra" QSC-nin siqaret istehsalı fabrikində gedən istehsal prosesi ilə tanış olublar.