Masallı Sənaye Məhəlləsində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
23 sentyabr,2022 16:09

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Masallı Sənaye Məhəlləsinin rezidentləri üçün “Sənaye müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

 

Təlimin keçirilməsində məqsəd obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

 

Masallı Sənaye Məhəlləsinin ərazisində keçirilən təlimə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı, Cəlilabad, Lənkaran rayonları üzrə əməkdaşları cəlb edilib.

 

Təlimdə şərti yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilib.

 

Sonda təlimdə iştirak edən sənaye müəssisələrinin əməkdaşları üçün yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, sənaye müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.