Neftçala Sənaye Məhəlləsində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
17 may,2023 16:32

Sənayedə baş verə bilən mümkün qəzaların qarşısının vaxtında alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mütəmadi olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında mütəmadi təlimlər keçirilir.

 

Bu işlərin davamı olaraq mayın 17-də İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidentləri üçün “Sənaye müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

 

Təlimin keçirilməsində məqsəd obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

 

Neftçala Sənaye Məhəlləsinin ərazisində keçirilən təlimə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala, Salyan rayonları üzrə əməkdaşları cəlb edilib.

 

Təlimdə şərti yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilib.

 

Sonda təlimdə iştirak edən sənaye müəssisələrinin əməkdaşları üçün yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, sənaye müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.