Asəf Səfəralı oğlu Nəsibov 1994-cü il fevralın 25-də Qazax rayonunun Qaymaqlı kəndində zəhmətkeş ailədə anadan olub və həmin kənddə orta təhsil alıb.
2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kimya mühəndisliyi ixtisasına yiyələnib. 2015-2016-ci illərdə həqiqi hərbi xidmət keçib, 2016-ci ilin Aprel döyüşlərində iştirak edib. 2018-c ilin noyabrında İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. Könüllü olaraq cəbhəyə getmək üçün müraciət edən Asəf Nəsibov Vətən Müharibəsinin ilk günlərində hərbi xidmətə çağrılıb. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Asəf Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci ilin oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Asəf Nəsibovun məzarı doğulub boya-başa çatdığı Qaymaqlı kənd qəbristanlığında yerləşir.
Asəf Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə aşağıdakı medallarla təltif edilib.
- “Vətən uğrunda” (15.12.2020-ci il tarixində)
- “Cəbrayılın azad olunmasına görə” (24.12.2020-ci il tarixində)
- “Qubadlının azad olunmasına görə (29.12.2020-ci il tarixində)
- “Laçının azad olunmasına görə” (29.12.2020-ci il tarixində)
- “Hərbi xidmətlərə görə” (30.12.2020-ci il tarixində)