Pakistanın əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
2 noyabr,2023 09:21

Noyabrın 2-də Pakistanda əczaçılıq sahəsində fəaliyyət göstərən Searl şirkətinin baş icraçı direktoru Səid Nadem Əhməd və Mercury ME DMCC şirkətinin baş icraçı direktoru Yusif Asifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyində görüş keçirilib. 

 

İZİA-nın İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov nümayəndə heyətinə ölkəmizdə mövcud sənaye parkları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

 

Görüşdə Searl şirkətinin baş icraçı direktoru Səid Nadem Əhməd Pirallahı Sənaye Parkında investorlar üçün yaradılan biznes imkanlarından yararlanmaqla dərman vasitələrinin istehsalı müəssisəsinin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

 

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ünvanlanan suallar cavablandırılıb.