Dekabrın 8-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinin tələbələri üçün 5 dekabr - Beynəlxalq Könüllülər Gününə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışının zona mərhələsi keçirilib.
Yarışın keçirilməsində məqsəd əlamətdar günlərin qeyd edilməsi, gənclərin könüllülük fəaliyyətinə həvəsləndirilməsi, eyni zamanda dövlət gənclər siyasətinin prioritet istiqamətləri üzrə gənclərin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması və onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılmasıdır.
6 komandanın bilik və bacarıqlarını sınadığı yarışmada tələbələr peşə fəaliyyətinə və ümumi dünyagörüşünə dair sualları cavablandırıblar.
4 turdan ibarət olan intellektual oyunda Peşə Təhsil Mərkəzinin “Tesla” və “Winners” komandaları qalib gəliblər. Qaliblər Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələri arasında keçiriləcək bilik yarışının final mərhələsinə vəsiqə qazanıblar.
Qalib komandalara Gənclər və İdman Baş İdarəsinin xatirə hədiyyələri verilib.