Pirallahı Sənaye Parkında məhsul istehsalı artır
7 noyabr,2023 16:49

Pirallahı Sənaye Parkında 2023-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə məhsul istehsalı 53,6% artıb.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. 

 

İnvestisiya kapitalı 66 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə Sənaye Parkının rezidentliyi statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Pirallahı Sənaye Parkında məhsul istehsalında müsbət dinamika özünü göstərir. Belə ki, 2023-cü ilin 9 ayında Sənaye Parkında 12,3 milyon manatlıq məhsul istehsal edilib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 53,6% artım deməkdir. Ümumilikdə indiyədək Sənaye Parkında 42 milyon manatlıq məhsul istehsal olunub. Pirallahı Sənaye Parkına bugünədək 37 milyon manatadək investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 30 milyon manat investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.