İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzində 2026-cı il ərzində təhsilalan 474 tələbədən 140 nəfəri məzun olub.
Mərkəzdə tədris əsasən iki istiqamət üzrə – sənaye peşələri və informasiya-kommunikasiya texnologiyaları sahələrində həyata keçirilir. 18 qrup üzrə tədris prosesi aparılır.
2024–2025-ci tədris ilində Mərkəzi bitirən məzunların 70 faizi işlə təmin olunub. Eyni zamanda, yüksək texniki peşə təhsili pilləsini başa vuran 6 məzun ali təhsil müəssisələrinə qəbul olub.
Peşə Təhsil Mərkəzində 2022-ci ildən etibarən Alman dual təhsil modeli tətbiq edilir. Bununla yanaşı, tədris prosesində Koreya peşə təhsili modelindən də istifadə olunur.
Həmçinin, Nazirlər Kabinetinin 2024-cü il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" ixtisası üzrə hazırda Mərkəzdə 3 qrupda tədris aparılır.


