Sabirabad Pilot Aqroparkda ilk dəfə olaraq zeytun bağı salınıb
6 iyun,2024 18:21

İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə aqroparklarda məhsul yığımına başlanması ilə əlaqədar “Müasir kənd təsərrüfatı modeli olan aqroparklarımızı tanıyaq” layihəsi çərçivəsində mediaturların təşkilinə start verilir. 


Belə ki, iyunun 7-də İZİA-nın təşkilatçılığı ilə media nümayəndələrinin Sabirabad Pilot Aqroparka tanışlıq səfəri təşkil edilib.


Məlumat verilib ki, "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində yaradılan Sabirabad Pilot Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 3131 ha sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 7.4 milyon manat investisiya yatırılıb, 86 daimi, 113 mövsümi iş yeri yaradılıb. Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır. 


İlk olaraq media nümayəndələri Sabirabad Pilot Aqroparkın rezidenti “Aran Agro Kənd Təsərrüfatı” MMC-nin zeytun bağları təsərrüfatının fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, şirkət tərəfindən aqroparkın 166 ərazisində intensiv zeytun bağı salınıb, 60 hektarında buğda, 130 hektarında isə arpa əkilib. Ümumilikdə şirkət tərəfindən indiyədək görülmüş işlərə 1,8 milyon manat investisiya yatırılıb, 9 nəfər daimi, 50 nəfər isə mövsümi işlə təmin edilib. Bağ müasir suvarma sistemindən (avtomatlaşdırılmış damlama) istifadə etməklə suvarılır. Hazırda 166 hektar ərazidə əkilmiş zeytun bağının 37 hektarında "Arbasona", 129 hektarında isə "Gemlik" sortları yetişdirilir. Gələcəkdə 1 hektar əkin sahəsindən 8-12 ton həcmində məhsulun götürülməsi nəzərdə tutulur. Zeytun bağının suvarılması üçün ərazidə 25 min kubmetr həcmində su anbarı salınıb.


Aqroparkın digər rezidenti “Azera Toxumçuluq” MMC tərəfindən bu il 250 hektar sahədə buğda, 40 hektar sahədə pambıq əkilib. Ümumilikdə şirkət tərəfindən bugündədək görülən işlərə 1 milyon manatdan çox investisiya qoyulub, 5 daimi, 10 mövsümi iş yeri yaradılıb. Əkin sahələrindən əldə edilən taxıl məhsulu Sabirabad Sənaye Məhəlləsində yerləşən "Azera Toxumçuluq" MMC-nin toxum təmizləmə müəssisəsinə göndəriləcək, təmizlənmiş məhsul daxili bazarda satışa çıxarılacaq.