Sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli məkan – sənaye parkları
22 avqust,2023 11:19

Sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 455 milyon manata yaxın vəsaitə qənaət ediblər.

 

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5200-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.