Şəhid Asəf Nəsibovun doğum gününə həsr edilmiş anım keçirilib
25 fevral,2024 11:54

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun doğum günü münasibətilə tədbir keçirilib. 


Əvvəlcə Asəf Nəsibovun Peşə Təhsil Mərkəzinin inzibati binasında quraşdırılan xatirə lövhəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Anım tədbirində çıxış edənlər şəhid Asəf Nəsibovun şərəfli ömür yolundan, vətənpərvərliyindən danışıblar. Bildirilib ki, qəhrəman şəhidimiz Asəf Nəsibov 1994-cü il fevralın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub və həmin kənddə orta məktəbi bitirib. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kimya mühəndisliyi ixtisasına yiyələnib. 2015-2016-cı illərdə həqiqi hərbi xidmət keçib, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2018-ci ilin noyabrından İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. Könüllü olaraq cəbhəyə getmək üçün müraciət edən Asəf Nəsibov Vətən müharibəsinin ilk günlərində hərbi xidmətə çağırılıb. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Asəf Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Qaymaqlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə göstərdiyi igidlik və şücaətə görə Asəf Nəsibov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


Sonra tədbirdə tələbələr tərəfindən şəhid Asəf Nəsibova həsr edilmiş “Layiq oldu bu şərəfə”, “Getdin” şeirləri səsləndirilib, sənədli film nümayiş etdirilib.


Sonda Peşə Təhsil Mərkəzinin Qrafik dizayner qrupunun tələbəsi, rəsm dərnəyinin üzvü Elnarə Qəhrəmanova tərəfindən çəkilmiş Asəf Nəsibovun portreti qardaşı Asif Nəsibova təqdim edilib.