Sənaye parklarında sahibkarlar üçün əlverişli investisiya mühiti və geniş dövlət dəstəyi mexanizmləri yaradılıb
16 iyul,2026 15:05

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi sənaye parklarında sahibkarlar üçün əlverişli investisiya mühiti və geniş dövlət dəstəyi mexanizmləri yaradılıb.

 

Rezidentlər dövlət vəsaiti hesabına formalaşdırılmış hazır mühəndis-kommunikasiya infrastrukturu ilə təmin olunurlar. Buraya elektrik enerjisi, təbii qaz, su, kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, eləcə də müasir rabitə xətləri daxildir.

 

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad edilir. İstehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV və gömrük rüsumlarından azad olunur.

 

Bununla yanaşı, "bir pəncərə" prinsipi əsasında göstərilən xidmətlər hesabına bütün inzibati prosedurlar operativ və rahat şəkildə həyata keçirilir.

 

Bu təşviq mexanizmləri sənaye parklarında investisiya qoyuluşunu təşviq etməyə, sahibkarlığın inkişafını dəstəkləməyə və ölkəmizdə rəqabətqabiliyyətli sənaye istehsalının genişlənməsinə xidmət edir.