Sənaye parklarının ixracda rolu artır
31 avqust,2022 14:49

Sənaye parkları ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, idxalı əvəz edən məhsulların istehsalının artırılmasında əhəmiyyətli rol oynayır. Sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir çox ölkələrə ixrac edilir.

 

Belə ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “SOCAR Polymer” MMC və “STP” MMC-yə məxsus “STP Alüminium” MMC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İxrac İcmalı” jurnalının 2022-ci ilin avqust ayı üzrə qeyri-dövlət və dövlətə məxsus olan ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil ediliblər.

 

Reytinq cədvəlində “SOCAR Polymer” MMC dövlətə məxsus olan şirkətlərin siyahısında ikinci, “STP” MMC-nin tərkibində fəaliyyət göstərən “STP Alüminium” MMC isə qeyri-dövlət ixracatçı subyektləri arasında üçüncü yerdə qərarlaşıb.