- Ana Səhifə
- Media
- Xəbərlər
- Sənaye parklarının rezidentləri yarım milyard manatdan çox vəsaitə qənaət ediblər
Ötən il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində mövcud olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər 44 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Ölkədə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes məkanıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb. Sənaye zonalarında sahibkarlar əlavə texniki şərtlərin alınması tələbi olmadan dövlət vəsaiti hesabına hazır mövcud infrastruktur imkanlarından istifadə etməklə öz layihələrini icra edə bilərlər.
Bundan başqa sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bir sıra xammal və materialların idxalının gömrük rüsumları və ƏDV-dən tam azadolması, xüsusi güzəştli bank kreditləri və s. aiddir.