Tatarıstan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
27 iyul,2023 16:33

Tatarıstan iş adamları ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında mövcud əlverişli biznes mühitindən yararlanmağa və investisiya layihələri həyata keçirməyə dəvət edilib.

 

İyulun 27-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini German Lerner, “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və bu ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən 15-ə yaxın şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı keçirilib.

 

Bildirilib ki, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə “Avto Lizinq Azərbaycan” MMC adlı birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.

 

Görüşdə iştirak edən Tatarıstanda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.

 

Sonda sənaye parklarına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.

 

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel və Elektrik avadanlıqları zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.