Sənaye zonaları iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsinə mühüm töhfə verir
19 mart,2025 17:36

Sənaye zonalarının fəaliyyəti ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.

 

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 2021-2024-cü il ərzində investisiya portfeli 950 milyon manata yaxın 94 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Qeydiyyata alınmış yeni rezidentlər tərəfindən layihə çərçivəsində ümumilikdə 8868 iş yerinin yaradılması nəzərdə tutulur. 

 

Sözügedən dövrdə sənaye zonalarında 29 müəssisə fəaliyyətə başlayıb.

 

4 il ərzində sənaye zonalarına sahibkarlar tərəfindən 748 milyon manata yaxın investisiya yatırılıb, 865 nəfərlik daimi iş yeri yaradılıb. 

 

2021-2024-cü ildə sənaye zonalarında 11,68 milyard manat məhsul satışı həyata keçirilib ki, bunun da 4,08 milyard manat hissəsi ixracın payına düşür.

 

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında yaradılıb.