Cari ilin 9 ayında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən 2,3 milyard manatlıq məhsulun 31,4%-i ixrac edilib.
Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 71 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11000-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 780 milyon manata yaxın investisiyanın yatırılması, 6400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında indiyədək ümumilikdə 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,6 milyard manatlıq hissəsi ixrac olunub. Bu ilin 9 ayında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,3 milyard manatlıq məhsul satılıb ki, bunun 31,4%-i, yəni 722,3 milyon manatlıq hissəsi ixracın payına düşür.
2023-ci ilin 9 ayında 2,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz (722,3 milyon manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi adı ilə dünyanın 60-dan artıq ölkəsinə ixrac edilib.