Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib
8 may,2024 12:28

Sənaye zonalarında 10500-dən artıq daimi iş yeri yaradılıb, mövcud layihələr üzrə növbəti mərhələdə əlavə olaraq 6500-dən çox yeni iş yerinin də açılması nəzərdə tutulur.

 

Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. 2015-ci ildən 2024-ci ilin I rübünün sonunadək sənaye zonalarında 12,74 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,1 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci rübündə sənaye zonalarında 640,3 milyon manatlıq satış həyata keçirilib, bunun da 223,6 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6%, ixracında isə 28,2% təşkil edib.

 

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib.

 

Eyni zamanda sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində müsbət addımlar atılır.

 

2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.