Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlanılıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “SOCAR-STP” şirkəti ölkədə ilk dəfə olaraq stasionar dəniz platforma kranının istehsalına başlayıb. Bir sıra dövlət qurumlarının və KİV nümayəndələrinin iştirakı ilə məhsulun təqdimatı keçirilib.
Bildirilib ki, “80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında Türkiyənin Gürdesan şirkəti ilə birlikdə “SOCAR-STP” MMC tərəfindən hazırlanıb. Uzunluğu 35 metr olan kranın ümumi yük qaldırma gücü 35 tondur. Hidravlik yükqaldırma kranının əsas təyinatı yük və işçi heyətini barjadan, gəmidən dəniz platformasına qaldırma və daşıma əməliyyatlarını icra etmək üçündür. İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə ediləcək.