Sumqayıt Kimya Sənaye Parkı 12 il
21 dekabr,2023 11:52

Bu gün Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir.


Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılıb.


Sənaye Parkı yaradılarkən 168 hektara yaxın ərazini əhatə edirdi. Hazırda isə parkın ərazisi 583,5 hektar təşkil edir. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb, 6600-dən çox insan daimi işlə təmin olunub.


Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq satış həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 34,7%-i ixracın payına düşür. Parkda istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilir.