Sumqayıt Kimya Sənaye Parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb
5 may,2025 17:50

Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6.200-dən çox insan daimi işlə təmin olunub.

 

Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2.700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 13,9 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 4,9 milyard manatlıq hissəsi ixracın payına düşür. 

 

Cari ilin I rübü ərzində Sənaye Parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2%, ixrac isə 17,2% artıb. Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5%, ixracında isə 26,1% təşkil edib.