- Ana Səhifə
- Media
- Xəbərlər
- “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentlərinin sayı 17-yə çatıb
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni rezidenti tərəfindən görülən işlərə 3,5 milyon manat investisiya yatırılacaq.
"Taube Electronics" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq smart televizorların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.
Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək Parkda görülmüş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.