- Ana Səhifə
- Media
- Xəbərlər
- “Universitet-sənaye əməkdaşlığı: OSTİM Texniki Universitetinin təcrübəsi” mövzusunda tədbir keçirilib
İyunun 10-da İqtisadiyyat Nazirliyinin dəstəyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin təşkilatçılığı ilə “Universitet-Sənaye Əməkdaşlığı: OSTİM Texniki Universitetinin təcrübəsi” mövzusunda tədbir keçirilib.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumlarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin nümayəndələri iştirak ediblər.
İşgüzar tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında davamlı əməkdaşlığın təmin edilməsi, elmi potensialın sənayedə geniş tətbiqi, sənaye parklarının rezidentlərinin tədqiqat və inkişaf, innovasiya fəaliyyətinin genişləndirilməsidir.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və sənaye məhəllələrində sahikarlar üçün yaradılan əlverişli şərait barədə məlumat verib. Elşad Nuriyev “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin sənaye sahəsində peşəkar kadrların hazırlanması üçün elm-təhsil müəssisələri ilə əməkdaşlığa önəm verdiyini, bir çox yerli və xarici təhsil müəssisələri ilə əlaqələrin qurulduğunu vurğulayıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli universitet-sənaye əməkdaşlığının əhəmiyyəti, sənayeyönümlü kadrların hazırlanması üçün təcrübə proqramlarının zəruriliyi, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə dövlət-təhsil-biznes işbirliyi haqqında fikirlərini bölüşüb.
Tədbirə videoformat şəklində qatılan Türkiyənin Orta Şərq Sənaye və Ticarət Mərkəzi (OSTİM) İdarə Heyətinin sədri Orhan Aydın qurumun fəaliyyət istiqamətlərindən danışıb. Bildirilib ki, OSTİM bölgələrdə yerləşən texnoparklar vasitəsilə sənaye sektoru ilə əməkdaşlıq edən şəbəkədir. Orhan Aydın OSTİM ilə Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlıq əlaqələrinin qurulmasının önəmini diqqətə çatdırıb.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə OSTİM Texniki Universiteti arasında müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq və ölkəmizdə innovativ sənayenin inkişafı fonunda formalaşan universitet-sənaye işbirliyi əsasında yaranan yeni imkanlar barədə danışıb, hər il Azərbaycan Texniki Universitetinin bir neçə tələbəsinin OSTİM Sənaye Bölgəsində təcrübə keçəcəyini qeyd edib.
OSTİM Texniki Universitetinin rektoru Murat Ali Yülek Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq imkanları və universitet-sənaye əlaqələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, OSTİM Texniki Universiteti OSTİM-in ərazisində yaradılmış ilk ali təhsil müəssisəsidir.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC və “STP” MMC-nin nümayəndələri təmsil etdikləri müəssisələrin bir çox ali təhsil ocaqları ilə əməkdaşlığı barədə məlumat veriblər.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən sənaye parklarının, OSTİM Texniki Universitetinin fəaliyyətinə dair videoçarxlar nümayiş olunub, mövzuya dair müzakirələr aparılıb.