Xarici şirkətlərlə bir sıra görüşlər keçirilib
27 noyabr,2019 10:06

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları noyabrın 26-da Azərbaycan Respublikası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin və Ostim Yenilenebilir Enerji və Çevrə Texnolojileri Kümelenmesi Derneğinin birgə təşkilatçılığı ilə Bakıda türkiyəli iş adamları ilə təşkil edilmiş ikitərəfli görüşdə iştirak ediblər.

 

Tədbirə Türkiyə tərəfindən enerji, su təmizləmə, elektrik, kimya, mədənçilik, metal konstruksiya və digər sahələri əhatə edən 14 şirkətin nümayəndələri qatılıb.

 

Görüş çərçivəsində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları Türkiyənin Ostim Yenilenebilir Enerji ve Çevre Texnolojileri Kümelenmesi Derneğinə daxil olan qazlaşdırma, kömür istehsalı, Biokütlə enerjisi, Gasifier, Piroliz sobası, CNC orqanik gübrələrin istehsalçısı “Biomass Enerji Limited”, elektrik panellər istehsal edən "Elektrik İnşaat və Ticarət LTD.ŞTİ”, kimya (proseslərdə rütubətə nəzarət məhsulları) sahəsində fəaliyyət göstərən “Damla Kimya”, dəmir əsaslı tökmə məmulatların və turniket nəzərət sistemlərin istehsalı ilə məşğul olan “Makim Makina Sanayi Texnolojileri San Tic. A.Ş.”, kimya və enerji sahəsində fəaliyyət göstərən “Timsan Texnik İnşaat Makina Sanayi Ticarət LTD.ŞTİ” şirkətlərinin nümayəndələri ilə görüşüblər.

 

Türk iş adamlarına Azərbaycanda sənayeləşmə siyasətinə uyğun olaraq reallaşdırılan Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları barədə, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, sahibkarlar üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib. İş adamları sənaye parklarında yaradılan əlverişli biznes mühitindən yararlanmağa dəvət edilib.

 

Daha sonra sənaye parklarına investisiya yatırılmasının prespektivləri və gələcəkdə birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb.