Tatarıstan nümayəndə heyəti ilə əməkdaşlıq əlaqələri müzakirə edilib
16 iyun,2023 16:30

Tatarıstan Respublikasının “Ximqrad” SC-nin və “İdeya Kapital” İdarəetmə şirkətinin nümayəndələri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.

 

İyunun 16-da Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və “İdeya Kapital” İdarəetmə şirkətinin baş direktoru Aleksey Qruşinlə İqtisadi Zonaları İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

 

Sumqayıt Kimya Sənaye Parkında baş tutan görüşdə qonaqlara sənaye zonaları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.

 

Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, sənaye parklarının təşkili, idarə edilməsi və inkişafı sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib, “Ximqrad” SC-yə daxil olan sənaye parkının rezidentləri ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.

 

Sonda qonalar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində, “STP” MMC-nin Polimer məmulatları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.

 

Qeyd. Cari ilin 28 aprel tarixində “Ximqrad” Səhmdar Cəmiyyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.