“Zəngilan” tankeri “Bakı Gəmiqayırma Zavodu”nda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir.
Mayın 16-da neft və kimyəvi məhsullar daşıyan “Zəngilan” tankeri suya salınıb. Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, gəminin gövdə hissəsinin inşası başa çatıb. Qalan tamamlanma işləri “Bakı Gəmiqayırma Zavodu”nun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Zəngilan” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.
Yeni nəsil “Zəngilan” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8009 ton təşkil edən gəmi ən müasir avadanlıqlarla, o cümlədən hər biri 1,200 kW gücə malik iki ədəd baş mühərrik, yük nasosları, havalandırma sistemi, naviqasiya cihazları və separator ilə təchiz edilib.
Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatdıqdan sonra “Zəngilan” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq. Yeni nəsil “Zəngilan” tankerinin xarici sularda istismarı nəzərdə tutulur.
----------------------------------------------------------------------------------------------------------------------------
Qeyd: Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Zəngilan” tankeri “Bakı Gəmiqayırma Zavodu”nda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir. 2022-ci ilin sonunda istismara verilmiş ilk neft və kimyəvi məhsullar daşıyan tanker olan “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar tankeri üçrəngli bayrağımız altında xarici sularda istismar olunur.