İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 iyul,2026 16:11

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında universitet–sənaye əməkdaşlığının inkişafı perspektivləri müzakirə olunub. 

 

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli elmi-tədqiqatların sənayenin tələblərinə uyğun istiqamətləndirilməsi və insan kapitalının inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Seymur Adıgözəlov Agentliyin fəaliyyəti, ölkədə sənaye zonalarının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yerli və xarici investorlar üçün formalaşdırılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.

 

İdarə Heyətinin sədri həmçinin, ali təhsil müəssisələri ilə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, tələbələrin istehsalat təcrübələrinin təşkili və birgə elmi-innovasiya layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli bildirib ki, universitetin əsas prioritetlərindən biri elm, təhsil və sənaye arasında dayanıqlı əməkdaşlığın formalaşdırılmasıdır. O qeyd edib ki, Sumqayıtın sənaye potensialının ali təhsil və elmi fəaliyyətlə inteqrasiyası, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də birgə elmi-tədqiqat, innovasiya və startap layihələrinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 

 

Görüşdə, həmçinin, Sumqayıt Dövlət Universiteti ilə İqtisadi Zonaların İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumunun hazırlanması barədə razılıq əldə olunub. Memorandum çərçivəsində birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, tələbələrin istehsalat təcrübələrinin təşkili, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, startap təşəbbüslərinin dəstəklənməsi və texnologiya transferi nəzərdə tutulur.

 

Görüş çərçivəsində universitet nümayəndələri İZİA-nın nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin fəaliyyəti və müəssisələrdə tətbiq olunan müasir istehsal texnologiyaları ilə tanış olublar. Tərəflər sənaye müəssisələrinin kadr hazırlığı və elmi-tədqiqat sahəsində ehtiyacları, eləcə də universitet–sənaye əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.