Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayacaq: yeni bazarlar hədəflənir
6 noyabr,2026 11:15

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən “Azərfloat” şirkəti istehsal imkanlarını genişləndirərək 2027-ci ildən şüşə emalına başlamağı planlaşdırır. “Garabagh Glass” brendi adı altında məhsul istehsal edən müəssisə beynəlxalq bazarlarda mövqeyini gücləndirmək və qlobal tikinti layihələrində iştirak etməyi də hədəfləyir.
 

Azərbaycan məhsulu yeni bazarlarda

 

“Azərfloat” şirkəti 2021-ci ildən şəffaf şüşə istehsalına başlayıb. Bu məhsullar ABŞ, Türkiyə, Ukrayna, Gürcüstan, İrlandiya, Polşa bazarlarına çıxarılıb. İxrac coğrafiyasını genişləndirmək əsas prioritetlərdəndir və bu istiqamətdə Səudiyyə Ərəbistanı bazarına artıq giriş edilib. Afrika qitəsinə də sınaq olaraq şüşə göndərilib. Suriya isə zavodda istehsal olunan məhsullarla maraqlanır, bu ölkədə kompleks yenidəqurma işləri aparılır və ixracın artırılması istiqamətində real şanslar var.

 

Şüşə emalı və 70 yeni iş yeri

 

Hazırda müəssisənin gündəlik şəffaf şüşə istehsalı 250-270 ton arasında dəyişir. Şirkətin qarşıdakı dövr üçün əsas planlarından biri istehsal zəncirini genişləndirməkdir. 2027-ci ildən etibarən zavodda şüşə emalına başlanılması da nəzərdə tutulur. Bu isə o deməkdir ki, “Azerfloat” istehsal etdiyi şüşəni özü kəsə, temperləyə, laminasiya edə və qablaşdıraraq hazır məhsul şəklində tikinti layihələrinə təqdim edə biləcək. Yeni istiqamətin inkişafı şirkətə əlavə dəyər yaratmaq, məhsul çeşidini genişləndirmək və müştərilərə daha kompleks xidmət göstərmək imkanı verəcək. Eyni zamanda, emal sahəsinin işə düşməsi ilə 70-ə yaxın yeni iş yerinin yaradılması da planlaşdırılır.

 

Hədəf qlobal tikinti layihələridir

 

Şirkət xarici bazarlarda daha iri layihələrə məhsul təqdim etmək imkanlarını da araşdırır. Dubayda həyata keçirilən böyük tikinti layihələri, o cümlədən “Emaar” şirkətinin layihələri potensial hədəflər sırasındadır. Müəssisənin texnoloji imkanları bu cür layihələrin tələblərinə cavab verən məhsullar təklif etməyə imkan verir. Emal mərhələsinə keçid də məhz bu baxımdan böyük əhəmiyyət kəsb edir. Hazır şüşə məhsullarının birbaşa tikinti obyektlərinə tədarük olunması şirkətin beynəlxalq sifarişlər almaq imkanlarını və rəqabət qabiliyyətini daha da artıracaq.

 

İxracda logistika çətinlikləri

 

Şirkətin xarici bazarlara çıxışında qarşılaşdığı əsas çətinliklərdən biri nəqliyyat xərclərinin yüksək olmasıdır. Polşa və digər Avropa ölkələrində məhsula tələbat və satış imkanları yüksək olsa da, logistika xərcləri son qiymətə təsir göstərərək rəqabət qabiliyyətini zəiflədir. Bəzi hallarda şüşənin öz qiyməti ilə müqayisədə daşınma xərclərinin yüksək olması sifarişin ümumi dəyərini əhəmiyyətli dərəcədə artırır, bu isə xarici alıcı üçün məhsulun daha baha başa gəlməsinə səbəb olur.

 

Dövlət dəstəyi ixrac imkanlarını genişləndirə bilər

 

İxracatçıların üzləşdiyi logistika çətinliklərinin azaldılması baxımından yeni dövlət dəstəyi mexanizmi əhəmiyyət daşıyır. Ölkə başçısının 9 iyun 2026-cı il tarixli fərmanına əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı daşıma xərclərinə görə dövlət dəstəyi nəzərdə tutulub. Rəsmi qaydalara görə, dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobillərlə daşınma zamanı ödənilmiş nəqliyyat xərclərinin 70 faizi, xarici qeydiyyatlı avtomobillərlə daşınmada isə 50 faizi hesablanma üçün əsas götürülür. Mexanizm 1 sentyabr 2026-cı ildən tətbiq olunur, kompensasiya məbləğləri isə rüblük ödənilir.

 

Belə dəstək mexanizmi şirkətin ixrac xərclərini azaltmaqla məhsulların xarici bazarlarda daha rəqabətqabiliyyətli qiymətlərlə təklif olunmasına şərait yarada bilər. Nəticədə yeni sifarişlərin cəlb edilməsi, satış coğrafiyasının genişləndirilməsi və ixrac həcminin artırılması üçün əlavə imkanlar yarana bilər.

 

Beləliklə, 2027-ci ildən şüşə emalına başlanılması “Azərfloat”ın beynəlxalq tikinti layihələrində iştirak imkanlarını genişləndirə, dövlət dəstəyi mexanizmi isə logistika xərclərinin azaldılmasına və şirkətin xarici bazarlarda rəqabət qabiliyyətinin gücləndirilməsinə töhfə verə bilər.

Vergiler.az