Aqroparkın taxıl sahələrindən yüksək məhsuldarlıq əldə edilir
28 June,2022 11:12

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) və Samux ərazisində yerləşən aqroparklarına mediatur təşkil edilib.

 

İlk olaraq media mənsubları Tovuz ərazisində yerləşən aqroparkın fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, hazırda aqroparkda 4 nasos stansiyası və 105 pivot suvarma sistemi fəaliyyət göstərir ki, bu da ümumilikdə 7078 hektardan çox ərazinin suvarılmasına imkan verir.

 

Bu il aqroparkda 613 hektarda arpa, 5179 hektarda buğda, 1039 hektarda şəkər çuğunduru, 147 hektarda erkən qarğıdalı və 72 hektarda isə soya əkilib. Hazırda aqroparkda arpa biçini aparılır və hər hektardan 8 tondan çox məhsul əldə edilir. Aqroparkın şəkər çuğunduru sahələrində də əvvəlki illərdə olduğu kimi, yüksək məhsuldarlıq - hər hektardan 70 ton və daha çox məhsul gözlənilir.

 

Sonra media nümayəndələri Samux ərazisində yerləşən aqroparkda olublar. Aqroparkın 60.000 tonluq silo kompleksi, 5000 m³ tutumlu anbar binası, su nasos stansiyası fəaliyyət göstərir. Hazırda aqroparkda 3 nasos stansiyası və 48 pivot suvarma sistemi quraşdırılıb və bu da ümumilikdə 2992 hektardan çox ərazinin suvarılmasına imkan verir.

 

Cari ildə aqroparkda 221,7 hektarda arpa, 2416 hektarında buğda, 295,6 hektarda yonca və 58,6 hektarda soya əkilib. Artıq biçilmiş 150 hektar sahənin hər hektarından 8,4 tondan çox arpa əldə olunub.

 

Qeyd edək ki, “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) və Samux ərazisində yerləşən aqroparklarına indiyədək 182.6 milyon manatdan çox investisiya yatırılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində şirkət Tovuz (Ceyrançöl) və Samux layihələri üzrə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 2,88 mln. manata qənaət edib.